AZE | RUS | ENG |

Müasir dramaturqlarımız teatra bələd deyilmi?

Müasir dramaturqlarımız teatra bələd deyilmi?
Ötən gün teatr və kino rejissoru Mehriban Ələkbərzadənin mətbuata verdiyi maraqlı bir müsahibəsini oxudum. Müsahibədə diqqətimi çəkən bir məqam oldu. YUĞ Teatrına yeni baş rejissor təyin olunmuş Mehriban xanım teatrda tamaşaya qoyulan əsərlərlə bağlı bir fikir səsləndirdi. Dedi ki, keçmiş dövrün dramaturqlarının əsərləri ona görə tez-tez səhnəyə qoyulur ki, o yazarlar teatra bələd olub yazırdılar: "İlyas Əfəndiyev teatrı gözəl bilirdi. Ondan sonra gələn adamların heç biri teatrı onun qədər bilmədi. Teatrı Cəfər Cabbarlı qədər bilib, sonra pyes yazmaq lazımdır. Çünki pyes mükəmməl olmalıdır. Pyes yazmaq çətin şeydir. Teatr üçün yazmaq isə təkcə pyes yazmaq deyil. Dramaturq teatrı bilməlidir. Mənim oxuduğum bir sürü şeylər var ki, onları sadəcə, səsləndirmək olar. Amma səhnə həyatı vermək, oynamaq mümkün deyil. Çünki bu pyeslər həyatın bir parçasına çevrilə bilmirlər. Və bizdə özünü yalnız və yalnız dram sənətinə həsr etmək istəyən spesifik dramaturq imzası yox dərəcəsindədir. Amma bizə yeni dövrün gətirdiyi mənəvi-əxlaqi yeniləşmələrin ifadəçisi kimi yeni dramaturq imzası mütləq gərəkdir. Təəssüf ki, yoxdur. Nə qədər bəyənməsiniz də, deyim ki, köhnə nəslin teatrı bilmək bacarığı var idi”.
 


Əslində, bu fikirlər marağıma səbəb oldu. Məgər indi pyes yazan gənc dramaturqlarımız yoxdurmu? Onların yazdıqlarını səhnəyə qoymaq heçmi mümkün deyil? Həqiqətən də, dram əsərini yazmaq üçün teatra yaxından bələd olmaq lazımdırmı? Bu suallara ekspertlərimdən cavab almağa çalışdım. 
 
Müəllifin tamaşa salonuna ötürmək istədiyi mesajlar  hədəfə dəyməlidir
Tanınmış dramaturq Əli Əmirli söhbətimizdə bildirdi ki, Mehriban Ələkbərzadənin teatr, dramaturgiya və rejissura haqqında fikirləri ilə tam razıdır. "Mehriban xanım teatrımızın dünənki və bugünkü mənzərəsini peşəkar bir ustalıqla təhlilə çəkir, maraqlı nəticələrə gəlir. Jurnalistin dramaturgiya ilə bağlı sualını cavablandırarkən də Mehriban xanım haqlıdır. Həqiqətən, dramaturgiya yaradıcılıq növləri içərisində ən çətin, ən konservativ ədəbi növdür, onun möhkəm bir çərçivəsi var, dramaturq ancaq bu çərçivə daxilində manevr edə bilər. Dramaturgiya yazıçıdan geniş mütaliə, yüksək mədəniyyət, çevik ağıl, zəngin həyat təcrübəsi, teatra dərindən bələdlik və səhnəyə böyük məhəbbət tələb edir. Dramaturgiya hobbi deyil, onunla ara-sıra məşğul olmaq uğur gətirə bilməz. Bu müsahibə ilə bağlı konkret sizin sualınıza gəldikdə isə, mən bir az təəccübləndim, çünki pyes məhz tamaşaya qoyulmaq üçün yazılır və bu müzakirəyə ehtiyacı olmayan aksiomdur. Əgər hər hansı bir pyesi tamaşaya qoymaq mümkün deyilsə, ya o pyes deyil, ya da çox pis pyesdir. Şübhəsizdir ki, müasir dövrün dramaturqu yaşından asılı olmayaraq zamanı duymalı, onun nəbzini tutmalı, ritmini  hiss etməli, tamaşaçı auditoriyasını nəzərə almalıdır. Əsərdə baş verənlər müasir tamaşaçını biganə qoymamalıdır, müəllifin tamaşa salonuna ötürmək istədiyi mesajlar  hədəfə dəyməlidir”. 
Ə.Əmirli deyir ki, dramaturqların yaş məsələsinə gəldikdə isə, onun üçün müəllifin yaşı deyil, teatra təqdim etdiyi əsərin keyfiyyəti maraqlıdır: "Biz "cavan-cavan” deyib yaşlı dramaturqları qınamaqda nə qədər haqlıyıq? Bəlkə onlar da yazmasınlar?! Məgər yaşlı dramaturq istedadı olan gənc dramaturqa mane olur? Tutaq ki, teatrlar ədalətsizlik edib gənclərin pyeslərini tamaşaya qoymurlar, bəlkə də risk etmirlər. Bəs, onda o pyesləri jurnallarda, ədəbiyyat saytlarında, kitablarda niyə çap elətdirmirlər? Əlbəttə, mən də afişalarda yeni adlar, səhnədə yeni tamaşalar görmək istəyirəm. Bu, məni sevindirərdi. Çox istərdim ki, yeni yaranacaq dramaturgiya bizimkindən güclü olsun, teatrımıza yeni keyfiyyət gətirsin. Bu, belə də olmalıdır. Yaşlı nəslin gənclərə mane olması isə, həqiqətən, absurd fikirdir. Dramaturgiyamızda elə bir tünlük yoxdur ki, mübarizə aparaq, bir-birimizə badalaq vuraq, hamıya yer çatar, təki yaxşı pyeslər yazılsın”. Dramaturq otuz illik teatr təcrübəsinə əsaslanıb dedi ki, hər bir teatr, statusundan asılı olmayaraq, yaxşı pyes sorağındadır. Heç bir teatr yaxşı pyesi geri qaytarmır və bu məsələdə müəllifin yaşı heç bir rol oynamır.
 

 
"Müasir dramaturqlar yazmırlar, yazanda da maraqsız olur”
Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru, Əməkdar artist Firudin Məhərrəmovun isə məsələyə yanaşması bir qədər fərqlidir. Rejissor deyir ki,  dram əsəri səhnə üçün yazılmış bir şeydir: "Hər bir romanı, povesti səhnələşdirmək mümkün deyil. Dram əsəri səhnədə nümayiş olunmaq üçündür. Bütün rejissorlar hansısa bir povesti götürüb, onu səhnələşdirir. Hər romanın öz səhnə həllini tapılmalıdır. Rejissora ixtiyar verilir ki, əsərin verdiyi mesajlara toxunmadan, ideyanı qoruyaraq onu səhnələşdirsin. Əvvəllər müəllif  rejissora əsərin ideyasından kənara çıxmağa icazə vermirdi. Ancaq indi rejissorlara sərbəstlik veriblər. Rejissor özü o ideyanı tutur və istədiyi şəkildə ona yön verir. Hərdən deyirlər ki, rejissor özü tamaşanın müəllifidir. Rejissor əsərə başqa xətlər də artıra bilər. Dramaturq bu cür yazıbsa məcbur deyil ki, onu olduğu kimi səhnəyə gətirəsən”. 
F.Məhərrəmov deyir ki, dramaturqlar teatr üçün ayrıca əsərlər yazmalıdırlar: "Hətta teatr tarixindən məlumumuzdur ki, hər hansı teatrın öz janrına, tərzinə uyğun dramaturqlar olub. Misal üçün İlyas Əfəndiyev lirik-psixoloji üslubda dram əsərləri yazırdı. Hər zaman da deyirdi ki, Akademik Milli Dram Teatrında bu tipli aktyorlar və rejissorlar var. Bu səbəbdən həmin əsər səhnəyə qoyula bilər. Dramaturqlar da var ki, ancaq Musiqili Komediya üçün əsərlər yazırlar. Teatr üçün yazılan ayrıca dram əsərləri mütləq olmalıdır. Həmin dramaturqlar teatra yaxşı bələd olduqlarına görə yazırdılar”.
Rejissor gənc dramaturqların qıtlığından əziyyət çəkdiklərini dilə gətirməyi unutmadı: "İndi gənc dramaturqlarımız var. Müasir dövrdə Firuz Mustafanın, Əli Əmirlinin və digər dramaturqlarımızın adını çəkə bilərəm. Ancaq onlar azlıq təşkil edirlər. Ona görə də biz məcbur qalıb romanlardan, povestlərdən mövzu  götürürük. Mən Çingiz Aytmatovun "Dəniz kənarı ilə qaçan Alabaş” əsərini götürüb səhnələşdirdim. Çünki görürəm ki, gənc dramaturqlar təzə bir şey yazanda onu səhnəyə qoymaq mümkün olmur. Buna məcbur oldum. Çünki müasir dramaturqlar yazmırlar, yazanda da maraqsız olur”. 
 

 
"Bununla nəyə nail olacaqsınız?”
Yazıçı-dramturq Mehman Musabəyli ilə söhbətimiz sosial şəbəkə sayəsində gerçəkləşdi. Dramaturq deyir ki, "Teatrın öz dramaturqu olmalıdır” fikrini birmənalı səsləndirmək və qavramaq düzgün deyil: "Bu geniş bir prosesdən doğan fikirdir, kimisi sonda bu qənaətə gəlir, kimisi isə hesab edir ki, müasir teatra ümumiyyətlə dramaturq lazım deyil, cavabında dramaturqlar da deyir rejissora ehtiyac yoxdur. Bu geniş bir diapazonu əhatə edən məsələdir. Adətən, teatrın özünün hansısa (yaradıcı personal sayı, texniki çatışmazlıq və yaxud hansısa konkret janrda işləmək: pantomima, kukla, kölgə və s) məhdudiyyəti olduqda bu cür fikirlər ortaya çıxır”.
Gənc dramaturqların yoxluğuna gəlincə isə yazar bu məsələyə etirazını bildirir: "Hər şey bir-birilə çox bağlıdır. Effektli gənc dramaturqun olması üçün, gərək ilk növbədə stereotiplərdən azad olsun və onlara meydan verilsin. Bu gün də yaxşı gənc dramaturqlarımız var, amma gərək onlar əmin olsunlar ki, yazdıqları vacibdir. Bunun üçün onlara təkcə meydan deyil, həm də gərək maddi maraq mənbəyi yaradasan. Onlar işləsin, əvəzində siz də onları pisləyin, beləliklə nəyə nail olmaq olar?”.
 

 
"Süjet gətirmək hələ dramaturgiya demək deyil”
Lənkəran Dövlət Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Oruc Qurbanov isə deyir ki, teatr sənəti yeganə və təkrarolunmaz incəsənət növüdür ki, bu incəsənət əsəri hər gün səhnədə tamaşaçıların iştirakı ilə canlı-canlı nümayiş olunur: "Bu prosesdə dramaturqun rolu olduqca vacibdir. Çünki dövrün mövzusunu səhnəyə o gətirir. Təəssüf ki, mövzu gətirən dramaturq problemi var. Süjet gətirmək hələ dramaturgiya demək deyil”.
 

 
Söhbətləşdi: 
Xəyalə Rəis
Teatrşünas

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6308
GBP 1 İngilis funt sterlinqi 2.2135
TRY 1 Türk lirəsi 0.3020
KWD 1 Küveyt dinarı 5.6066
SEK 1 İsveç kronu 0.1881
EUR 1 Avro 1.9479
CHF 1 İsveçrə frankı 1.7064
USD 1 ABŞ dolları 1.7000